18:16 Hər gün yol qaydalarını pozan avtobuslar | |
Noyabrın 5-də Neftçilər prospektində, "Port Baku” biznes mərkəzinin yaxınlığında sərnişin avtobusu yük qatarı ilə toqquşub. Trend-in məlumatına görə, hadisəyə avtobusun işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti orta-ağır, birinin vəziyyəti isə ağır qiymətləndirilir. Qeyd edək ki, sərnişin avtobuslarının qəza törətməsi artıq adi hal alıb. Bu nəqliyyat vasitələrindən istifadə edənlər isə az qala hər gün avtobusların yol hərəkəti qaydalarını pozması ilə rastlaşırlar. Qaydaların pozulması nəticəsində isə qəza vəziyyəti qaçılmaz olur. Bakıda baş verən qəzalar Bu ilin statistikasına, daha doğrusu, mətbuata sızan məlumatlara nəzər yetirək. Aprel ayında Koroğlu avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində gedən yolda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş vermişdi. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. Bu ilin sentyabrında Bayıl istiqamətində hərəkət edən və sərnişinlə dolu 120 saylı irititumlu avtobus yoldan çıxaraq hasara, sonradan ağaca çırpılmışdı, nəticədə 1 nəfər ölmüş, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Sentyabrda sərnişin avtobusunun iştirakı ilə ikinci qəza Şıx qəsəbəsində baş vermişdi. Belə ki, 120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun yol kənarında olan hotelin hasarına çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 8 nəfər yaralanmışdı. Ötən ilin avqustunda Qaradağ rayonunun Lökbatan qəsəbəsində 124 saylı marşrutun dəmir yol keçidindən keçərək qatarla toqquşmasını isə son illərin ən ağır hadisəsi saymaq olar. Belə ki, qəza nəticəsində 6 sərnişin ölmüş, 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Sadaladıqlarımız yalnız Bakıda baş verən və mətbuat səhifələrinə yol açan hadisələrin çox az bir qismidir. Hadisələrə səbəb isə təbii ki, avtobusların qayda pozuntusuna yol verməsidir. Qaydanın hər gün pozulduğu ünvan Ən maraqlısı ilə bir çox sərnişin avtobuslarının yol hərəkəti qaydalarını hər gün bir dəfə deyil, bir neçə dəfə pozaraq qəza vəziyyəti yaratmasıdır. Məsələn, metronun "İnşaatçılar” stansiyası tərəfdən Yeni Yasamala getmək üçün "Günəş Petrol”un yanından təxminən 50-70 metr irəli gedib dönmə hərəkəti etmək olar. Ancaq sözügedən marşrut xətti istiqamətində işləyən sərnişin nəqliyyatı vasitələri qaydaları pozaraq dönmə əməliyyatını qadağan olunmuş yoldan keçərək daha tez həyata keçirirlər. Bu da təbii ki, qəza vəziyyətinin yaranmasına gətirib çıxarır. Sərnişin avtobuslarının sürücülərinə güzəştlərin edilməsi, hətta işıqforun qırmızı işığında keçməsi hallarına dəfələrlə rast gəldiyimiz üçün bu güzəştin nə dərəcədə qanuna uyğun olub olmadığını öyrənməyə çalışdıq. Bu, sürücülərin günahı deyil Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov bizimlə söhbətində bildirdi ki, mənzil başına çatmaq üçün dönmə hərəkətini qadağan olan yerdən keçməklə tez həyata keçirmək yol hərəkəti qaydalarının pozulmasıdır: "Çox təəssüf ki, hətta elə yollar var ki, birtərəfli olsa da, həmin xətt üzrə avtobusların əks hərəkətinə belə icazə verilir. Ölkə prezidenti ötən ilin dekabrında yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Bu sərəncamdan sonra sərnişin nəqliyyatına mənzil başına daha tez çatmaq üçün istədikləri yerdən keçməyə icazə verilməsi aradan qalxmalı idi. Amma təəssüflər olsun ki, sərnişin nəqliyyatının qaydaları tez-tez pozması hallarına rast gəlirik və müvafiq orqanlar buna göz yumur. Bu, birbaşa sürücülərin günahı deyil və kütləvi halda baş verən gündəlik haldır. Şəhərin bəzi yerlərində sərnişin nəqliyyatının işini asanlaşdırmaq üçün belə keçidlər olur. Əgər bir gün ərzində qaydanı pozan sürücülər Dövlət Yol Polisi tərəfindən cəzalandırılsa, onlar bir daha belə səhvə yol verməzlər”. Qanun hamı üçün birdir Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynov hesab edir ki, sərnişin nəqliyyat vasitələri də digər nəqliyyat vasitələri kimi yol hərəkəti qaydalarına əməl etməlidir: "Yalnız təcili yardım və polis maşınları istisna hallarda yol hərəkəti qaydalarını poza, zəruri hallarda işıqforun qırmızı işığında keçə bilərlər. Sərnişindaşımada isə yol hərəkəti qaydalarına əməl olunması ən vacib şərtlərdən biri olsa da, bəzən avtobus sürücüləri işlərini asanlaşdırmaq üçün yol hərəkəti qaydalarını pozaraq bir az irəli gedib dönmə əməliyyatını həyata keçirmək əvəzinə, birbaşa dönmələr edir, hətta işıqforun qırmızı işığında da keçirlər”. İ.Hüseynov deyir ki, sərnişin nəqliyyatında belə halların qarşısını almaq üçün yol polisi tərəfindən ciddi nəzarət olmalıdır: "Ölkədə ümumi nəqliyyat vasitələrinin idarəsi zamanı hansı sərtləşdirici qanunlar tələb olunursa, bu, sərnişin nəqliyyatına da şamil edilməlidir”. Vaqif Əsədov: "Maraqlanmalıyam” Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov qəzetimizə açıqlamasında dedi ki, əgər hərəkətin qadağan edilməsi ilə bağlı yol nişanı varsa, o istiqamətdə heç bir nəqliyyat vasitəsi hərəkət edə bilməz: "Yəni yol nişanlarının tələbləri müzakirəsiz yerinə yetirilməlidir. Əgər "Günəş Petrol” tərəfdə dediyiniz yolda avtobuslar hərəkət edirsə, deməli, bu, qanun pozuntusudur. Mən maraqlanmalıyam görən, həmin ərazidə bizim kameramız varmı? Ola bilsin yol polisi oraya nəzarət edir, yaxud da nəzarət etmir. Amma bu, o demək deyil ki, avtobus sürücüləri pərakəndə halda yolu qısaltmaq məqsədilə, yaxud alternativ yol kimi oradan istifadə etməlidir. Qeyd etdiyimiz kimi, giriş, hərəkət qadağandırsa və həmin yola kameralarla nəzarət edilirsə, çox güman ki, onlar barəsində foto material hazırlanır və bunun əsasında avtobus sürücüləri məsuliyyətə cəlb edilir”. Avtobus sürücüləri qaydanı daha çox harada pozurlar? V.Əsədov bildirdi ki, dünən, yəni noyabrın 5-i Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə metronun "20 Yanvar” stansiyası ərazisində sərnişin nəqliyyatındakı vəziyyəti tənzimləmək üçün reydlər keçiriblər. Reydlər nəticəsində qaydaları pozan və qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri aşkarlanıb, eyni zamanda yol hərəkəti qaydalarına əməl etməyən avtobus sürücüləri ilə bağlı ölçü götürülüb. V.Əsədovun sözlərinə görə, bu ilin 9 ayında təxminən 1200-ə yaxın sərnişindaşıma ilə məşğul olan sürücü məsuliyyətə cəlb edilib. Onların əksəriyyəti qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlardır. Müsahibimiz bu il ərzində xəta törədərək yaxalanan avtobus sürücülərindən də danışdı. Bildirdi ki, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma stansiyasına daxil olduğuna görə bu il təxminən 15, yol ayrıclarının keçmə qaydalarını pozduğuna görə 40-a yaxın, əhali arasında qoşa xətt kimi tanınan, üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli yol zolağına daxil olan 60-a yaxın avtobus sürücüsü barədə protokol tərtib edilib: "Yolların hərəkət hissəsində ikinci cərgədə saxlayaraq yolun daralmasına səbəb olan 100-ə yaxın, sərxoş vəziyyətdə avtobusu idarə edən təxminən 5 sürücü də cəzalandırılıb. İşıqforun qırmızı işığında hərəkət edən avtobus sürücüləri barədə də protokol tərtib edilib”. V.Əsədov onu da qeyd etdi ki, Bakı şəhəri ərazisində 3 minə yaxın kameranın köməyi ilə yollara nəzarət edilir: "Məhz kameraların köməyi ilə yol hərəkəti qaydalarını pozan, inzibati xəta törətmiş sürücülər aşkar edilib məsuliyyətə cəlb edilir”. Kaspi.az | |
|
Всего комментариев: 0 | |