Главная » 2010 » Май » 14 » Lökbatanda "Binə-Sədərək rəqabəti"
21:05
Lökbatanda "Binə-Sədərək rəqabəti"

"Binə" Ticarət Mərkəzində vəziyyət dözülməzdir. İş adamlarına işləmək üçün adi şərait belə yaradılmayıb, kanalizasiya xətti yoxdur, elektrik enerjisi xətləri ala-yarımçıq çəkilib. Soyutma sistemi yoxdur, istidən nəfəs ala bilmirik". Bu sözlər "Binə" Ticarət Mərkəzində işləyən azsaylı iş adamlarının mətbuata etdiyi müraciətdəndir. Sahibkarların şikayəti, təsvir elədikləri vəziyyətlə yerindəcə tanış olmaq üçün Ticarət Mərkəzinə yollandıq. Qeyd edək ki, "Binə" Ticarət Mərkəzi aprelin 15-dən Lökbatan qəsəbəsindəki Qırmızı göl adlanan ekoloji fəlakət zonasına köçürülüb. Mətbuata açıqlama verən iş adamları burada işləmək üçün elementar şəraitin belə yaradılmadığını, mağazaların əksəriyyətinin hələ hazır olmadığını, sahibkarlara yalandan "5 min mağaza hazırdır" deyilsə də, hazır mağazaların sayının cəmi 2 minə çatdığını bildirirdi.

   Bundan başqa, qeyd olunurdu ki, su və kanalizasiya xətti hələ çəkilməyən ticarət mərkəzində üfunət baş alıb gedir. Süni qurudulmuş gölün üzərində tikilmiş mərkəzin divarları çat verir, mağazalarda mallar nəm çəkir. Yaranmış vəziyyətin "Binə"də işləyən sahibkarları da, qabaqcadan 50, 70, 100 min manat ödəsələr də, mağazalarını hələ ala bilməmiş iş adamlarını da çıxılmaz vəziyyətə saldığı vurğulanırdı.

    Ötən həftə iş adamlarını bu vəziyyətə salmış "Binə"nin sahibi Kəbirə Məmmədovanın "təəssübünü çəkən" bir sıra KİV-də yer alan xəbərlərdə "Binə"yə gedən marşrut xətlərinin yarıtmaz olduğu bildirilir, bunun guya K.Məmmədovaya qarşı "ayrıseçkilik" olduğu xüsusi vurğulanırdı. Amma müşahidələrimiz tam əks nəticə çıxarmağa əsas verir. Belə ki, mərkəzin qarşısından şəhərin müxtəlif yerlərinə hərəkət edən 15-ə yaxın marşrut saydıq. "Binə" Ticarət Mərkəzinə "20 Yanvar" metrosundan 191, 196, 167, 211, Yeni Yasamaldan 326, Yeni Avtovağzaldan 137, Qaradağın Qızıldaş qəsəbəsindən 91 saylı avtobuslar işləyir. Hansısa qüvvələrin "Binə"yə xüsusi simpatiyası özünü marşrut məsələsində də göstərir. Yeri gəlmişkən, "Binə"yə səfərimiz 15 iyun-Qurtuluş günü ərəfəsinə təsadüf edirdi. O gün ki, onun reallaşmasını istəməyən şəxslərdən biri də "Binə"də min bir zillətlə çörək qazanan iş adamlarının pulu ilə özünə cah-cəlal qurmuş Kəbirə Məmmədova və yaxınları olmuşdu. "Binə"yə gedən marşrut avtobusları çox olsa da, bura bazarlıq etməyə gələn azdır. Avtobuslar, demək olar ki, "Binə"yə boş gedir. Şəhərin müxtəlif yerlərindən hərəkət edən avtobuslar Badamdar, Bayıl, 20-ci sahə və Şıxovda, demək olar ki, boşalır. Bu da onu göstərir ki, bu avtobuslara minənlərin çoxu "Binə"yə alverə gedənlər yox, həmin ərazilərdə yaşayan sakinlərdir. Əhalini qınamalı da deyil. Çünki "Binə" həqiqətən bərbad vəziyyətdədir. Ekoloji fəlakət zonasında tikilmiş bu ticarət mərkəzi sözün əsl mənasında cəhənnəmdir. Torpaqla qurudulmuş Qırmızı gölün ərazisindəki normadan artıq radiasiya fonu "Binə"yə girişdən hiss olunur. Ticarət Mərkəzinin içərisində hava yoxdur. Mərkəzin plastik-şüşə damı günəş şüasını öldürüb kölgə yaratmaq əvəzinə, içəri boğucu bürkü ötürür. Bayırda küləyin yaratdığı toz-torpaqdan, içəridə isə bürküdən dayanmaq olmur. Tərslikdən ticarət mərkəzinə çəkilmiş elektrik xətləri də istifadəyə yararsız haldadır. Hər hansı məişət cihazını şəbəkəyə qoşmaq mümkün deyil. Özləri üçün "samodelni" "razetka"lar düzəldənlər var. Amma onları işlətmək təhlükəlidir. Hər an yanğın baş verə bilər. Köhnə "Binə"də tez-tez mal anbarları, mağazaları yandırılan iş adamları qorxudan buna getmir, dəhşətli bürkü şəraitində işləməyə məcbur olurlar. Yay ayaqqabıları satan Vüqar sahibkarlara "yaradılmış şərait"dən ürəkdolusu danışdı: "Mağazaları od qiymətinə almışıq. Bahalıqdan şikayət edəndə Kəbirənin qoçuları deyirdi ki, "nə istəyirsiniz, sizə Dubay səviyyəsində ticarət mərkəzi tikirik". Hanı bunların "Dubay standartı"? Bütün günü istidən bişirik. Adicə ventilyator qoşmağa yer yoxdu. Elə bil dünyanın axırıdır. Bayırda küləkdən hərəkət etmək olmur, içəridə də istidən qırılırıq. Tualet-zad da yox idi. Deyəsən hansısa telekanal çəkib göstərəndən sonra bir-ikisini düzəltdilər". Vüqar ticarət mərkəzinin böyük hissəsinin hələ hazır olmadığını, təmir işlərinin davam etdiyini, hazır mağazaların sayının az olduğunu dedi: "Tanıdığım uşaqların çoxu pul verib mağaza alsa da, sonra bura gəlmədi. Kompensasiyasını da ala bilmədi. Vermədilər. İndi bizə məlum olur ki, hələ aeroportda işləyəndə burdakı mağazaları tikilməmiş niyə bizə od qiymətinə satırmışlar. Buranın şəraitini yaxşı bildiklərindən, duyubmuşlar ki, burada işləyən az olacaq". Bəs od qiymətinə mağaza almış iş adamları "Binə"ni tərk edib hara gedirlər? Yaxınlıqdakı Ticarət Mərkəzi "Sədərək"di, onun da bir hissəsi hazır deyil, o da Lökbatanda yerləşir. Özünün dediyi kimi, "necə illərdi çöllərdə olan" Vüqar bu məsələyə də aydınlıq gətirir: "Elə deyil, qardaş. Əvvəla, sahibkarı bazara çəkən bazarın əlverişli yerdə olması və cəlbedici şərtlərdir. "Sədərək" də təzə tikilib, düzdü, amma orada insaflıdırlar, bazara təzə köçmüş mağaza sahiblərindən yer haqqı istəmirlər. Mənim "Binə"dəki qonşularımın yarısı indi ordadır, əlaqə saxlayırıq. Deyirlər ki, hələ üç-dörd ay yerhaqqı söhbəti olmayacaq. Bazarın sahibi deyib ki, işləyib özünüzü tutun, kliyent yığın, sonra danışarıq. Amma bunlar? Gələn kimi zəli kimi yapışıblar boğazımızdan ki, yer haqqı verin. Bax, bu mağazanın pulunu aeroportda olanda vermişəm. Kvadratmetrinə 1200 manat vermişik. Apreldə köçmüşük. Köçən kimi, heç bir həftə keçməmiş gəliblər ki, yer haqqı verin. Bax, bu mağazaya aya 700 manat istəyiblər. Söz var ki, gələn aydan 100 manat da qaldıracaqlar. Belə vicdansızlıq olar?! Bu qədər pulu mən necə qazanım? Belə getsə, mən də "Sədərəy"ə köçəsi olacam.

   Nə verim, alver var? Bax, yarım saatdı burdasan, heç mala baxan olub? Bax, qardaş, bütün günü beləyik. Hələ bu gün şənbədir, bir az adam var. Ara günləri bunlar da olmur".

   Yemək yeməyənə, su satmazlar...

   Görünür, iş adamlarının iqtisadi cəhətdən sıxışdırılması, mağazaların baha olması, yolun uzaqlığı, ekoloji cəhətdən qeyri-sağlam yerdə yerləşməsi səbəbindəndir ki, (yeri gəlmişkən, burada çalışan iş adamlarını əksəriyyəti "Binə" Ticarət Mərkəzinin uzun illər neft, çirkab və kanalizasiya suları axıdılmış, dəhşətli xəstəliklər mənbəyi olan Qırmızı göldə tikildiyini bilir-müəll.) "Binə"də qiymətlər bahadır. Uşaq paltarları, yay ayaqqabıları, eynəklər, qızıl məmulatları paytaxtın istənilən ticarət mərkəzindən baha qiymətə qoyulub. "Binə" Ticarət Mərkəzində ən çox rast gəlinən obyekt kafe və xırda restoranlardır. Müxtəlif cür qəlyanaltı və yeməklər təklif olunan "Binə"də qiymətlər od tutub yanır. Satıcılar danışır ki, bu kafe və restoranlarda adi çay və su içmək olmur. Yayda susuzluqdan yanan bir satıcı və ya alış-verişə gəlmiş bir şəxs su alıb içə bilməz. Belə ki, burada yemək yeməyənə su satılmır. (?)Yəni susamış bir adam "Binə"nin kafelərində su içmək istəsə, hökmən yemək, heç olmasa dönər sifariş etməlidir.

   Yeməklə bərabər verilən su da bahadır. Şəhərin istənilən mağazasında yarım litri 20 qəpiyə satılan "Bonaqua", "Sirab" və digər sərinləşdirici içkilər "Binə"də 50-60 qəpiyədir. Pivə həvəskarları bir qədəh NZS pivəsini şəhərdə 60-70 qəpiyə alırsa, "Binə"də bu qiymət 1 manatdır. Yeməklərə gəlincə, soyuq qəlyanaltılar, isti qazan xörəkləri və kabablar baha qiymətə təklif olunur. Görünür, Kəbirənin işbazları (kafe və restoranları işlədənlərin çoxu Kəbirənin qohum və yaxın adamlarıdır-müəll.) burada nahar edənlərin əksəriyyətinin satıcılar olduğunu nəzərə alıb. Burada çalışan iş adamlarının başqa seçimi olmadığı üçün mərkəzin kafe və restoranlarında nahar etmək məcburiyyətindədir. Ona görə də bu kafelərdə qiymətlər bahadır.

   Yeri gəlmişkən, mərkəzdə diqqətimizi çəkən bir nüans da radio qovşağında səslənən elan və bildirişlər oldu. Belə ki, ticarət mərkəzində dövlət dilinə sayğısızlıq müşahidə etdim. Yəni elan və bildirişlər öncə rus dilində, sonra isə Azərbaycan dilində səsləndirilir. Ticarət Mərkəzinin yeniliklərindən biri də dəmir arabaları əvəz edən elektriklə işləyən xırda tutumlu Çin yük maşınlarıdır. Kəbirənin adamları bu maşınları işlədənlərə də böyük məbləğdə "haqq qoyub". Alıcılara 1 manata xidmət göstərən bu maşınlar adambaşına hər gün Kəbirəyə 50 manat ödəməlidir.

   
   Satıcı da, alıcı da "Sədərəy"ə axışır

 
   Lökbatanda daha bir ticarət mərkəzi istifadəyə verilib. Bu, Bakı dairəvi yolunun üzərində, ekoloji cəhətdən təmiz ərazidə tikilmiş "Sədərək" Ticarət Mərkəzidir. Mərkəzin böyük hissəsi artıq istifadəyə verilib. "Binə"yə nisbətən burada malların və mağazaların qiyməti ucuzdur. "Sədərək"də çalışan sahibkar Saleh bunu mərkəz rəhbərlərinin dindar olmaları ilə izah etdi: "Baxın, "Sədərəy"in "Elit" tərəfdən girəcəyində məscid tikilir. Bu, bazar sahibinin dinə, imana, inanclı insanlara hörmətini göstərir. Aeroportda da "Sədərəy"in məscidi vardı. Burada da tikilir. Yəqin ki, gələn aydan istifadəyə veriləcək. Neçə aydır, köçmüşük, hələ bizdən yer pulu istəyən olmayıb. Bir dəfə rəhbərliklə söhbət etdim, dedi ki, müştəri yığın, köçlə bağlı zərərinizi kompensiyasa edin, sonra yer pulu qoyulacaq. Çox insaflı adamlardı, belə yerdə işləməyə dəyər. Elə buna görədir ki, "Binə"də çalışanların 60-70 faizi bura gəlib, mağaza alıb". "Sədərəy"ə Türkiyə, BƏƏ (Dubay), Çin, Pakistan və digər ölkələrin malları gətirilir. Tacirlərin çoxu "Sədərək"də işləməyə üstünlük verir. Bu, həm də "Binə"nin ticarət markası olaraq etibarsızlığı ilə tanınması ilə bağlıdır. Belə ki, bu yaxınlarda "Binə"dəki karqolardan bir neçəsi batıb. Saleh deyir ki, "Binə"də 1-ci, 2-ci və 3-cü zonalardakı mağazaların çoxu çöküb, sahibkarlar başqa yerə daşınıblar. "Binə"dəki iş şəraitinin əlverişsizliyini xarici iş adamları, xaricdən mal vurub gətirən sahibkarlar da bilir. Bununla belə, iş adamlarına zülm edən "Binə"nin sahibinə xüsusi qayğı və himayə var. Bu özünü bir də onda göstərir ki, Dağıstan avtobusları "Binə"də dayanır. Bütün bunlara baxmayaraq, iş adamları, mağaza sahibləri, hətta alıcılar "Sədərəy"ə axışır. Bakının müxtəlif yerlərilə marşrut əlaqəsi olan "Sədərək"də alver pis deyil. Mallar "Binə"yə nisbətən qat-qat ucuzdur, alıcılar çoxdur. Qadın geyimləri satan Murad bunu mərkəzdə yaradılmış şəraitlə izah etdi: "Bilirsən, qardaş, burada "Binə"dəki kimi adamla yumruqla, təpiklə danışmırlar. Mən özüm "Binə"də işləmişəm. Yer pulunu gecikdirəndə Kəbirə adamlarını üstümüzə tökür, bizi döyür, təpiyin altına salırdılar. Amma burada belə deyil. Adamla insan kimi danışırlar. Hələ yer pulu istəmirlər. İmkan veriblər ki, işləyib özümüzə gələk. Yaydı axı, alverin sezonu deyil. Amma "Binə"də məscid tikilməmiş kor əsasını dirəyən kimi, artıq "əsalarını dirəyib" pul istəyirlər".

   Qeyd edək ki, ərazidə təkcə yarmarka fəaliyyət göstərməyəcək. Yarmarka ilə yanaşı, "Elit" Ticarət Mərkəzi, "Qönçə-plaza" oteli, səhiyyə və təhsil müəssisələri də tikiləcək. Ərazidə istirahət üçün kotteclərin inşası da nəzərdə tutulur.

   Əks reaksiyaları da çap edə bilərik.



Источник: http://baki-xeber.com
Категория: Пос. Локбатан | Просмотров: 1694 | Добавил: Xaliq | Рейтинг: 4.7/3
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана